6 fevral 2023-cü ildə Türkiyədə 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş vermiş, 11 əyalətdə 15 milyondan çox insan zərər çəkmişdir. On minlərlə bina dağıdıldı, 40 mindən çox insan həyatını itirdi. Zəlzələlərdən sonra dünyanın bir çox ölkəsi Türkiyədəki zəlzələ üçün səfərbər oldu. Axtarış-xilasetmə qrupları, mühəndislər, seysmoloqlar, tibb işçiləri, səhra xəstəxanaları və humanitar yardım Türkiyəyə göndərilib.
Türkiyə Respublikasının Xarici işlər Naziri Mövlud Çavuşoğlu Türkiyənin yaşadığı fəlakətlə əlaqədar Türkiyəyə yardım təklif edən ölkələrin sayının 102 olduğunu, onlardan 88-nin şəxsən sahədə yardım etdiyini bildirib. 23 ölkənin vəzifəsini başa vurduqdan sonra ölkəni tərk etdiyini bildirən Çavuşoğlu, yardım təşkilatına 11 min 302 xarici personalın da cəlb edildiyini bildirib.
Türk Dünyası Bələdiyyələr Birliyinə (TDBB) üzv ölkələr də zəlzələ yardımında önə çıxan ölkələr sırasında olub. Bununla bağlı məlumatı Türk Dünyası Bələdiyyələr Birliyi yayıb.
Məlumatda qeyd edilir ki, Türkiyənin zəlzələ zonasına beynəlxalq yardım da daxil olmaqla dördüncü səviyyəli xəbərdarlıq elan etdikdən sonra axtarış-xilasetmə qrupu göndərən ilk ölkə qardaş Azərbaycan oldu. Kahramanmaraşda axtarış-xilasetmə işlərinə Azərbaycandan qruplar, 899 canlı qüvvə və 8 axtarış-xilasetmə iti cəlb olunub. Digər tərəfdən, Azərbaycan Xarici işlər Nazirliyindən verilən açıqlamaya görə, Azərbaycan dövləti zəlzələnin ilk günündən fevralın 17-dək Türkiyəyə 15 təyyarə və 350 yük maşını ilə humanitar yardım çatdırıb. Bundan əlavə, dövlət qurumları, özəl şirkətlər və fiziki şəxslər tərəfindən ümumilikdə 21 milyon 367 min manat (236 milyon 667 min TL) maliyyə yardımı edilib. Bundan başqa, Azərbaycan Bələdiyyələri də yardım kampaniyaları ilə prosesdə fəal iştirak edərək toplanan yardımları Türkiyəyə çatdırıblar.
Belediyye.info